
BAKI, 28 fevral. TELEQRAF
"Məğlubiyyəti həzm edərək, növbəti oyunlara hazırlaşmalıyıq".
Teleqraf xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “Araz-Naxçıvan”a 0:2 (ilk oyun - 0:1) hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis mərhələ keçməyə daha yaxın olduqlarını bildirib: "Bu mövsüm keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Futbolçularım mərhələni keçmək üçün əllərindən gələni etdilər, onlara təşəkkür etmək istəyirəm. Düşünürəm ki, hər iki oyunda mərhələni keçməyə yaxın tərəf biz idik. Lakin rəqib üç penalti qolundan yararlanaraq, yarımfinala yüksəldi. Onları da təbrik edərək, gələcək oyunlarda uğurlar arzulayıram. Rəqiblər artıq bizi təhlil edərək, daha böyük qüvvə ilə oynayırlar, daha yaxşı müdafiə olunurlar".
Baş məşqçi hakim idarəçiliyindən də danışıb: “Birinci epizod penaltidir. Düzdür, baxmamışam, amma oyunun dinamikasından ona oxşayırdı. İkinci epizoddan çempionatımızda 50-100 nümunə gətirərəm. Bir neçə klubumuz blokdan istifadə edir. Öz xeyrimizə belə epizod olsaydı, əminəm, soyuqqanlı şəkildə şərh edəcəkdilər ki, ikisi də bir-birini tuturdu, mübarizə idi. Belə şeylərə öyrəşmişik. Nədənsə, hakimlər 50/50 olan epizodlarda çox vaxt əleyhimizə qərarlar qəbul edir. Birinci hissədə VAR-a baxıldı, həkimlər meydana girdi, pauzalar oldu. Cəmi 3 dəqiqə əlavə olunması təəccüblü idi. İlk yarıda ən azı 8-9 dəqiqə dayanma oldu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm. Bu gün futbolçuların oyunundan həzz alırdım”.