BAKI, 27 noyabr. TELEQRAF
Astronomlar ana ulduzunun partlayışı (supernova) nəticəsində yaranmış qaz-toz buludunu tərk edərək uzaqlaşan, nadir rast gəlinən kosmik obyekt kəşf ediblər.
Teleqraf xəbər verir ki, söhbət sürətlə fırlanan və güclü şüa yayan neytron ulduzundan (pulsar) gedir.
Rohit Dokaranın rəhbərlik etdiyi tədqiqat qrupu müxtəlif radioteleskopların 20 ildən artıq müddətdə topladığı məlumatları birləşdirərək, pulsarın hərəkət sürətinin saniyədə 1400 kilometrdən çox olduğunu hesablayıb. Elm adamlarının fikrincə, onun arxasınca uzanan şüalanma izi pulsarın yarandığı supernova qalığının istiqamətinə yönəlib.
Kəşf xüsusi əhəmiyyət daşıyır, çünki belə hadisələr son dərəcə nadir rast gəlinir. Tədqiqatçıların hesablamalarına görə, qalaktikamızda təxminən 2000 supernova qalığı mövcud olsa da, indiyədək onlardan yalnız 400-ə yaxını aşkar edilib.
Əldə olunan nəticələr ulduz partlayışlarının qeyri-adi yüksək sürətlə hərəkət edən pulsarları necə əmələ gətirdiyini anlamağa kömək edə bilər.