BAKI, 26 noyabr. TELEQRAF
Avropa Kosmos Agentliyinin (ESA) “Euclid” kosmik teleskopu indiyədək məlum olan ən uzaq kvazarı aşkar edib.
Teleqraf xəbər verir ki, kvazar qalaktikanın son dərəcə parlaq nüvəsidir və onun enerji mənbəyi superkütləli qara dəlikdir.
Yeni kəşf Böyük Partlayışdan cəmi 630 milyon il sonra mövcud olmuş obyekti üzə çıxarıb.
Sonrakı müşahidələrdə ABŞ Kosmos Agentliyinin (NASA) “Hubble” və “James Webb” teleskopları da iştirak edib. Araşdırmaya görə, kvazarın mərkəzindəki qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 360 milyon dəfə çoxdur. Bu kəşf əvvəlki rekordla müqayisədə elm adamlarına kainatın təxminən 40 milyon il daha erkən dövrünü araşdırmaq imkanı verir.
Əsas sual qara dəliyin bu qədər qısa müddətdə necə belə böyük ölçülərə çatmasıdır. Müşahidə zamanı üzə çıxıb ki, o, maddəni nisbətən yavaş sürətlə udur. Buna görə də alimlər onun keçmişdə çox sürətli böyümə mərhələlərindən keçdiyini ehtimal edirlər.
Kəşf erkən kainatda qara dəliklərin formalaşması ilə bağlı mövcud nəzəri modellər üçün əlavə sınaq hesab olunur.