BAKI, 24 noyabr. TELEQRAF
Yer kürəsində bir çox proses və hadisələr dövri xarakter daşıyır, yəni milyonlarla ildir müəyyən dövri şəkildə təkrarlanır.
Teleqraf xəbər verir ki, bu barədə “ScienceAlert” yazıb.
Çin tədqiqatçıları planetimizin əvvəllər məlum olmayan dövrlərindən birini aşkar ediblər. Qədim süxurlarda təxminən hər 405 min ildən bir Yer kürəsində son dərəcə güclü fırtınaların baş verdiyini göstərən sübutlar tapılıb. Bu fırtınaların yaranması Günəş ətrafında - Yerin orbitində baş verən və Günəş sistemindəki digər planetlərin cazibə qüvvəsinin təsiri ilə əlaqəli dövri dəyişikliklərlə bağlı ola bilər.
Fırtınalar planetimizin ən güclü meteoroloji hadisələrindən biridir, leysan yağışları və güclü küləklərlə müşayiət olunur. Fırtınaların hərəkətə gətirdiyi materiallar qaçılmaz olaraq okeanlar və dənizlərin dibinə çökür. Güclü dalğalar və su axınları qumu və dib çöküntülərini qarışdıraraq başqa ərazilərə daşıyır və zamanla üzəri yeni çöküntü qatları ilə örtülən laylar əmələ gətirir. Nəticədə bu laylar bərkiyərək süxurlara çevrilir və onları yaradan fırtınalar haqqında izləri qoruyub saxlayır. Belə süxurlar tempestitlər adlanır.
Elm adamları Çinin Siçuan çökəkliyindəki tempestitləri tədqiq ediblər. Burada təxminən 500 milyon il yaşı olan, Kembri dövrünə aid süxurlar çoxdan yox olmuş qədim dənizin dibində formalaşıb. Tədqiqatçılar çöküntü süxurlarında təkrarlanan strukturlar aşkar edərək təxminən 24 milyon illik geoloji tarixi bərpa edə biliblər.
Tədqiqat nəticəsində hər biri təxminən 405 min il davam edən 59 dövr müəyyən edilib. Alimlər həmin dövrlərin hansı mərhələlərində tempestitlərin yarandığını təhlil etdikdə maraqlı qanunauyğunluq aşkar ediblər. Məlum olub ki, tempestitlər daha çox hər dövrün yüksəliş və pik mərhələlərində formalaşıb. Həmin dövrlərdə çöküntü süxurlarının daha qalın layları yaranıb, bu da fırtınaların güclənməsindən xəbər verir.
Planetimizin orbitində təxminən 400 min il davam edən başqa bir dövr də mövcuddur. Bu, Milankoviç dövrüdür. Həmin dövr ərzində Yerin Günəş ətrafındakı orbitinin forması, əsasən, Venera və Yupiterin cazibə qüvvəsinin təsiri nəticəsində dəyişib.
Elm adamlarının ehtimallarına görə, Kembri dövrünün isti iqlim şəraitində Yerin orbitindəki bu cür dəyişikliklər okeanların isinməsini vaxtaşırı gücləndirərək daha şiddətli fırtınaların yaranması üçün əlverişli şərait yarada bilərdi.
Tədqiqatçıların fikrincə, bu qarşılıqlı əlaqə hələ tam sübuta yetirilməyib. Bundan əlavə, bu qədər güclü fırtınaların müasir dövrdə də baş verə biləcəyi hələ məlum deyil. Yer kürəsinin hazırkı iqlimi Kembri dövrünün iqlimindən fərqlənir və bu gün eyni dövriliklə son dərəcə güclü fırtınaların yaranmasına şərait yaradan amillər mövcud olmaya bilər.