BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda malların uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması qaydalarına dəyişiklik edilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bununla bağlı “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlara dəyişikliklər nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, mallara uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması həmin mallara dair təhlükəsizlik tələblərini əks etdirən texniki reqlamentlə müəyyən ediləcək.

Beləliklə, uyğunluq sənədlərinin tələb olunması ilə bağlı məsələlər texniki reqlamentlərdə konkret şəkildə əksini tapacaq.

Bundan başqa, texniki reqlamentdə uyğunluq sertifikatının tələb edildiyi mallar üzrə müvafiq sertifikatın alınması nəzərdə tutulur.

Dəyişikliklər malların təhlükəsizlik tələblərinin daha dəqiq müəyyənləşdirilməsinə və uyğunluğun qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsinə yönəlib.