BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı ilə yaşıl enerji, nəqliyyat bağlantıları və Orta Dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

Teleqraf xəbər verir ki, bunu nazir estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ceyhun Bayramov qeyd edib ki, son illərdə Azərbaycanın beynəlxalq işgüzar dairələrdə artan rolu diqqət çəkir:

“Görüşdə Avropa İttifaqının dəstəyi ilə, qurumun bir sıra üzv ölkələrinin, Azərbaycanın və regionun digər dövlətlərinin iştirakı ilə həyata keçirilən yaşıl enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb”.

O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bağlantıların inkişafı, ölkəmizin Şərq-Qərb Orta Dəhlizindəki xüsusi əhəmiyyəti, eləcə də marşrutun ötürücülük qabiliyyətinin artırılması istiqamətində Azərbaycanın atdığı konkret addımlar müzakirə olunub.

Ceyhun Bayramov vurğulayıb ki, bu məsələlər Avropa İttifaqının bütün üzv ölkələri üçün böyük maraq kəsb edir.