BAKI, 27 noyabr. TELEQRAF

Təxminən 50 il əvvəl kosmosa göndərilən “Voyager-1” kosmik aparatı Yer kürəsinə məlumat ötürülməsini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Milli Kosmos Agentliyi (NASA) məlumat yayıb.

NASA-nın açıqlamasına görə, rabitə nasazlığı noyabrın 14-də aşkarlanıb. Məlumatların ötürülməməsinə baxmayaraq, daşıyıcı siqnalın mövcudluğu aparatın istiqamətləndirmə və idarəetmə sisteminin kompüterinin işləməyə davam etdiyini və antenanı Yerə doğru yönəlmiş vəziyyətdə saxladığını göstərir. Bu, həmçinin antenanın və ötürücü avadanlıqların saz vəziyyətdə olduğunu təsdiqləyir.

Ehtimala görə, məlumatların ötürülməməsi aparatın alt sistemlərindən informasiyaları toplayan və onları Yerə göndərilmək üçün müvafiq formata çevirən kompüterdə yaranmış problemlə bağlıdır.

Mütəxəssislər hazırda mövcud nasazlığın oktyabr ayında baş vermiş qısamüddətli rabitə kəsilməsi ilə əlaqəli olub-olmadığını araşdırırlar. Həmin vaxt “Voyager-1” ilə əlaqə təxminən 48 saat ərzində tamamilə kəsilmişdi. Kosmik aparat rabitəni müstəqil şəkildə bərpa etmiş və noyabrın 14-dək normal rejimdə fəaliyyət göstərmişdi.

“Voyager-1” kosmosa 1977-ci ilin noyabrında buraxılıb. NASA-nın məlumatına görə, o, noyabrın 18-də Yer kürəsindən bir işıq günü (25,9 milyard kilometr) məsafəsinə çatıb. Bu, insan tərəfindən yaradılmış bir obyektin indiyədək qət etdiyi ən böyük məsafədir. Yerdən göndərilən siqnal aparata 24 saata çatır, aparatdan Yerə cavabın göndərilməsi də eyni müddətdə baş verir.

Aparat saatda təxminən 61 min kilometr sürətlə hərəkət edir.

“Voyager-1” 2012-ci ildə Günəş sisteminin qoruyucu maqnit-plazma sərhədini - heliopauzanı keçərək ulduzlararası fəzaya daxil olub.