BAKI, 27 noyabr. TELEQRAF

Macarıstan 2028-2034-cü illəri əhatə edən Avropa İttifaqının büdcə layihəsində Ukrayna üçün nəzərdə tutulan 100 milyard avro həcmində yardımı qəbuledilməz hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Peter Madyar bildirib.

O qeyd edib ki, Macarıstanın Aİ-nin yeddiillik büdcəsinə ödədiyi və aldığı vəsaitlər nəzərə alınmaqla, ölkə xalis 15 milyard avro əldə edə bilər:

“Bununla yanaşı, büdcə layihəsinə əsasən, Ukrayna 100 milyard avroyadək vəsait ala bilər. Üstəlik, büdcə Ukraynaya, mahiyyət etibarilə, borclanmaq və faiz ödənişlərini qarşılamaq üçün demək olar ki, qeyri-məhdud imkanlar yaradır. Bu, qəbuledilməzdir”.

Madyar vurğulayıb ki, Macarıstan özü də büdcə ilə bağlı son dərəcə çətin vəziyyətlə üzləşdiyi halda, Ukraynaya yardımın mərkəzləşdirilmiş göstərişlər əsasında artırılması tələbi ilə razılaşa bilməz: “Macarıstan bu mövqedə tək deyil”.

Macarıstan bundan əvvəl Slovakiya və Çexiya ilə birlikdə Ukraynaya 45 milyard avro həcmində kreditin ayrılmasında iştirakdan imtina etmişdi.