BAKI, 27 noyabr. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf xəbər verir ki, Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı kəndləri, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndləri, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər, Xocavənd şəhərinə 7 ailə - 30 nəfər, Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə - 71 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.