BAKI, 27 noyabr. TELEQRAF

İstanbul Baş Prokurorluğunun “Halk TV”nin maliyyələşdirilməsi ilə bağlı apardığı istintaq çərçivəsində üçüncü əməliyyat keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telekanalın aparıcısı Ece Üner və həyat yoldaşı Özgürdeniz Bayramoğlunun da aralarında olduğu 12 şübhəli barəsində saxlanılma qərarı verilib. Artıq onlardan 9-u, eləcə də Üner və Bayramoğlu saxlanılıb.

İstintaq materiallarında aylıq 1 milyon 650 min türk lirəsi məbləğində qeyri-rəsmi ödənişlər, saxta hesab-fakturalar və rüşvət iddiaları diqqət çəkir.

“Halk TV”nin maliyyələşdirilməsi iddiası ilə bağlı istintaqın əvvəlki əməliyyatları zamanı 19 şübhəli saxlanılmış, onlardan 8-i barəsində həbs qətimkan tədbiri seçilmişdi.

İstintaq çərçivəsində çirkli pulların yuyulması, cinayətkar təşkilat yaratmaq və həmin təşkilata üzv olmaq, ictimaiyyəti çaşdıran məlumatları açıq şəkildə yaymaq, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Məcəlləsinin tələblərini pozma ittihamları üzrə araşdırmalar davam etdirilir.