BAKI, 27 noyabr. TELEQRAF
Azərbaycanda malların texniki tənzimlənməsi zamanı risk səviyyəsi anlayışının təhlükənin dərəcəsi ilə əvəz edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, “Texniki tənzimləmə haqqında” Qanunda bir sıra dəyişikliklər ediləcək.
Belə ki, malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanlar, ətraf mühit, əmlak və dövlətin maraqları üçün yarada biləcəyi təhlükənin dərəcəsi nəzərə alınmaqla təhlükəsizlik tələbləri müəyyən ediləcək.
Bu zaman risk qiymətləndirilməsinin nəticələri də əsas götürüləcək.
Eyni zamanda, qanunun bir sıra maddələrində işlədilən “risk səviyyəsi” ifadəsinin “yarada biləcəyi təhlükənin dərəcəsi” ifadəsi ilə əvəz olunması nəzərdə tutulur.
Dəyişikliklərin məqsədi texniki reqlamentlərdə təhlükəsizlik tələblərinin malların və istehsal proseslərinin yarada biləcəyi real təhlükələr əsasında müəyyən edilməsidir.
Yeni yanaşma insanların həyat və sağlamlığının, ətraf mühitin və əmlakın qorunmasına dair texniki tələblərin dəqiqləşdirilməsini nəzərdə tutur.