Bakı, 5 mart. TELEQRAF

Dünyanın ən böyük və ən qədim aysberqi A23 suitilərin və pinqvinlərin məskəni olan ucqar Cənubi Corciya (Britaniya adası) yaxınlığında saya oturub.

Teleqraf xəbər verir ki, bu barədə BBC yazıb.

Nəşr yazır ki, aysberq böyük ehtimalla orada sıxışıb qalıb və gələcəkdə adanın cənub-qərb sahillərinə doğru parçalanmağa başlayacaq. Balıqçılar böyük buz parçaları ilə mübarizə aparmalı olacaqlarından qorxurlar. Bundan əlavə, aysberqin parçalanması bu ərazidə qidalanan qızılsaçlı pinqvinlər üçün də təhlükəlidir.

Amma Antarktika alimləri buzun tərkibində çoxlu qida maddələrinin olduğunu və onun əriməsinin okean həyatında qeyri-adi sıçrayışla nəticələnə biləcəyini proqnozlaşdırırlar.

Mütəxəssislər bildirirlər ki, aysberq parçalanarsa, onun parçaları yerli cərəyanlarda üzən gəmilər üçün təhlükə yarada və onların yerli balıqçılıq bölgələrinə çıxışını məhdudlaşdıra bilər.