BAKI, 2 mart. TELEQRAF

ABŞ-nin "Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik aparatı Aya uğurla eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin Texasdakı Missiya İdarəetmə Mərkəzindən məlumat verilib.

"Blue Ghost" NASA üçün qazma qurğuları, vakuum sistemləri və müxtəlif elmi təcrübələr üçün avadanlıqlar daşıyır. Aparatın əsas məqsədi Ayın səthindən toz nümunələri toplamaq və temperaturu ölçməkdir. Həmçinin gələcəkdə Ay səthində istifadə edilə biləcək geyimlər və digər texnologiyalarla bağlı 10 fərqli eksperiment həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 15 yanvarda SpaceX-in Falcon 9 raketi vasitəsilə ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "Firefly Aerospace" "Blue Ghost" və Yaponiyanın "Ispace" şirkətinə məxsus "Resilience" aparatı fəzaya göndərilmişdi.

"Resilience" aparatının Aya dörd-beş ay ərzində çatacağı ehtimal olunur. Onun may ayının sonu və ya iyunun əvvəlində Ayın yaxın səthində yerləşən "Mare Frigoris" bölgəsinə eniş etməsi planlaşdırılır.