BAKI, 18 fevral. TELEQRAF

Mərakeşin qərbində İspaniyaya bağlı Kanar adalarının Playa Quemada çimərliyində nadir "qiyamət balığı" (avar balığı) aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Need To Know" nəşri yazır.

Uzunluğu altı metrə qədər olan sirli avar balığı elm adamları tərəfindən hələ tam öyrənilməyib. Bu balığın təbii fəlakətləri proqnozlaşdıra bildiyi qeyd olunur.

2011-ci ildə Yaponiyada baş verən ən böyük zəlzələdən əvvəl sahildə 20 avar balığı çıxmışdı. Buna görə də, onlara həm də "qiyamət balığı" deyilir. Yaponlar hesab edirlər ki, avar balığını görmək tezliklə qasırğaların və ya zəlzələlərin başlayacağına işarədir. Bu balıq böyük dərinliklərdə yaşadığından, onun tektonik plitələrin hərəkətini hiss etdiyi və bu səbəbdən sahilə çıxdıqları bildirilir.

Qiyamət balığı Sakit, Atlantik və Hind okeanlarının isti və mülayim sularında rast gəlinən qanadlı balıq növüdür. Bu növdən olan bəzi balıqların çəkisi 250 kq-a çata bilər.