
BAKI, 16 fevral. TELEQRAF
Quru dəri və qaşınma kimi dəri şikayətləri böyrək xəstəliklərinin əlaməti ola bilər. Səhlənkarlıq böyrək transplantasiyasına qədər gətirib çıxarır.
Teleqraf xəbər verir ki, insanlar sağlamlıq problemləri ilə bağlı yüngül bir simptomdan ötrü tədbir görmürlər. Dəri quruluğu və qaşınma kimi sadə şikayətlər buna ən yaxşı nümunədir.
Dəridə quruluq və qaşınma, məşhur inancın əksinə olaraq, yalnız xarici faktorlardan qaynaqlana bilməz. Məlumdur ki, böyrək xəstəlikləri də bu kimi əlamətlərlə özünü göstərə bilər. Mütəxəssislər quruluq və qaşınmanın həm xroniki, həm də son dövr böyrək çatışmazlıqlarında ən çox rast gəlinən problemlər arasında olduğunu ifadə edərək, bu vəziyyətin xəstələrin təxminən üçdə birində müşahidə edildiyini deyirlər.
Böyrək xəstəliklərinin məkrlə irəlilədiyini və ilkin mərhələdə heç bir əlamət göstərmədiyini bildirən mütəxəssislər hesab edirlər ki, dəri quruluğu sadə bir problem kimi görünsə də, buna aldanmaq olmaz: "Bədənimiz bizi bu yolla xəbərdar etmiş ola bilər. Ona görə də siqnalları vaxtında tutmaq lazımdır. Erkən diaqnoz böyrək xəstəliklərinin irəliləməsini dayandıra və ümumi sağlamlığınızı qoruya bilər. Bu səbəblə böyrəyinizi qorumaq üçün illik qan testləri və həkim müayinəsi ən əhəmiyyətli üsullardan biridir".
Böyrək çatışmazlığındakı qaşınma ilə dəri quruluğunu dərmanlara bağlı qaşınma, xərçəng xəstələrində nəzərə çarpan sarılıq və qaşınmalardan ayırd etmək lazımdır. Böyrək xəstəliyi səbəbiylə inkişaf edən qaşınmanı müalicə etmək üçün bədəndə yığılan zəhərli maddələrin səviyyəsini azaltmaq vacibdir. Bu zaman qandakı fosfor və parathormon səviyyələrini normala çatdırmaq hədəflənir.
Xəstə dializdən keçirsə, dializin ən təsirli şəkildə aparılmasına diqqət yetirilir. Yerli müalicələr, nəmləndiricilər və fototerapiya istifadə edilməsi də mümkündür. Son dövr böyrək xəstəliyi ilə əlaqəli qaşınma üçün ən qəti müalicə böyrək transplantasiyasıdır.
Böyrək xəstələrində qaşınma səbəbləri arasında kalsium və fosfor mübadiləsinin pozulması, paratiroid hormonunun həddindən artıq artması, dərinin quruması və tərləmənin azalması da ola bilər.