BAKI, 7 aprel. TELEQRAF

Aprelin 6-da saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən bir şəxsin halının pisləşməsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb edilib.

"Ünvanda sərxoş vəziyyətdə olan şəxs (kişi cinsli) heç bir əsas olmadan "feldşer"ə (tibb qardaşı) bıçaqla xəsarət yetirib. "Feldşer"ə yerində ilkin tibbi yardım göstərilib.

Həmçinin məlum olub ki, o, çağırışı edərkən əlaqə nömrəsini də yanlış təqdim edib.

Baş vermiş insidentlə bağlı məlumat hüquq-mühafizə orqanlarına təqdim olunub və faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, hadisəni Xoşbulaq sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib.