
BAKI, 7 aprel. TELEQRAF
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası 6-7 aprel 2025-ci il tarixində Azərbaycan və Qvineya-Bissau arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Qvineya-Bissauda səfərdə olub.
Teleqraf xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Qvineya-Bissaunun Prezidenti Umaro Sissoco Embalo tərəfindən qəbul edilib.
Səfər çərçivəsində həmçinin Baş nazir Rui Duarte Barros, xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə görüşlər keçirilib.
Səfər zamanı, Azərbaycan nümayəndə heyətinin Qvineya-Bissaunun iqtisadiyyat, planlaşdırma və regional inteqrasiya naziri Soares Sambunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniştərkibli görüşü keçirilib. Görüşdə bu ölkənin ətraf mühit və biomüxtəliflik, təbii ehtiyatlar, kənd təssərüfatı, müdafiə üzrə qurumların və “Petroguin” neft şirkətinin rəhbərləri təmsil olunub.
Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qvineya-Bissaunun Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və İcmalar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qvineya-Bissau tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə dövllət katibi Fatumata Jau rəhbərlik edib.