
BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIX turunun son oyununda “Araz-Naxçıvan” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:0.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə hesabı 21-ci dəqiqədə Ramon Maçado açıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib.
65-ci dəqiqədə isə "kimyaçılar"ın müdafiəçisi Silvanus Nimeli topu öz qapısına göndərib.
Bu nəticədən sonra Muxtar Respublika təmsilçisi 51 xalla 3-cü pillədə qərarlaşıb. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv 29 xalla 7-cidir.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0, "Neftçi" səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Səbail" "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.