BAKI. 13 fevral. TELEQRAF

Braziliyanın "Flamenqo" klubunun "Qarabağ"dan yeni transfer etdiyi futbolçu Olavio Juninyo zədələnib.

Teleqraf xəbər verir ki, 29 yaşlı hücumçu Karioka Liqasının VII turunda doğma meydanda "Botafoqo"ya qarşı oyunun 12-ci dəqiqəsində rəqib müdafiəçi Aleksander Barboza ilə toqquşmada sağ dizindən xəsarət alıb. Təcrübəli forvard oyunu davam etdirə bilməyərək Bruno Enrike ilə əvəzlənib.

O, meydanda olduğu müddətdə elə də yaxşı təsir bağışlamayıb və tənqidlərə tuş gəlib. Hələ 1-ci dəqiqədə əlverişli fürsəti qaçıran Juninyo sonrakı dəqiqələrdə də heç nə ilə yadda qalmayıb.

Oyun "Flamenqo"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 55-ci dəqiqədə Leo Ortiz vurub.

Qeyd edək ki, Juninyo ötən ay "Qarabağ"dan 5 milyon avro qarşılığında "Flamenqo"ya keçib.