![](https://teleqraf.az/storage/2025/02/13/715x378/pet_heqset.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması və NATO-ya üzvlük məsələsi qeyri-real hədəflərdir və bu, Rusiya ilə gələcək sülh sazişindən çıxarılmalıdır.
Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında səsləndirib.
Belçikanın paytaxtı Brüsseldə 46 ölkəni əhatə edən təmas qrupunun iclasında çıxış edən Heqset bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə müharibəni “diplomatiya yolu ilə” bitirmək niyyətindədir.
"Biz də sizin kimi suveren və firavan Ukrayna istəyirik. Ancaq Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məqsəd olduğunu dərk etməliyik. Bu xəyali məqsədə nail olmaq yalnız müharibəni uzadacaq və daha çox iztirablara səbəb olacaq", - Pentaqon rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Ukrayna üçün davamlı sülh müharibənin yenidən başlamamasını təmin edəcək təhlükəsizlik təminatlarını ehtiva etməlidir: “Bu, Minsk 3.0 olmamalıdır".
Müdafiə naziri, həmçinin ABŞ administrasiyasının rəsmi Kiyevin NATO-ya üzvlük məsələsinin danışıqlar yolu ilə həllinə inanmadığını vurğulayıb və Amerika qoşunlarının Ukraynada mümkün sülh sazişinin sabitliyini təmin etmək üçün heç bir sülhməramlı missiyanın bir hissəsi olmayacağını diqqətə çatdırıb.