BAKI, 13 fevral. TELEQRAF

"Turan Tovuz" klubun azarkeşlərinə müraciət edib.

Teleqraf Qərb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik stadionda kameraların quraşdırıldığını bildirib.

"Çıxdığımız vacib və məsuliyyətli yolda bir çox əngəlləri aşmalı, çatışmazlıqları aradan qaldırmalıyıq. Stadionumuzun tələb olunan standartlara cavab verməsi üçün əməli fəaliyyətə başlamışıq. Təmir-bərpa və yenidənqurma işləri ilə yanaşı, infrastruktur meyarının tələblərinə uyğun olaraq stadionumuzda 10 ədəd həssas kamera quraşdırılıb. Təhlükəsizliyin təmin olunması, neqativ halların qarşısını almaq məqsədi ilə quraşdırılan kameralar vasitəsi ilə hər hansı neqativ hərəkətə yol verən şəxsin kimliyi qısa müddətdə aşkar olunur", - deyə müraciətdə vurğulanıb.

Qeyd edilib ki, neqativ hallar klubun, azarkeşlərin imicinə zərər vurmaqla yanaşı, böyük maliyyə cərimələrinə gətirib çıxarır: "Odur ki, tribunada yerinizi alın, nümunəvi davranışınız və möhtəşəm dəstəyinizlə həmişə olduğu kimi komandamızın 12-ci oyunçusu siz olun!"

Qeyd edək ki, "Turan Tovuz" Azərbaycan Premyer Liqasında XXII turdan sonra 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Tovuz təmsilçisi növbəti turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Fevralın 16-da Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq.