![](https://teleqraf.az/storage/2025/02/13/715x378/bp_azerbaijan.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Böyük Britaniyanın neft nəhəngi BP ötən günlərdə 2024-cü ilin dördüncü rübündəki mənfəəti ilə bağlı göstəricilərini açıqladı. Bildirildi ki, şirkətin bu müddətdə mənfəəti 2023-cü ilin müvafiq rübü ilə müqayisədə 61% azalaraq 1,17 milyard dollara düşüb. Beləliklə, BP-nin 2024-cü il üzrə mənfəəti son dörd ilin ən aşağı səviyyəsində olub.
Teleqraf xəbər verir ki, "Elliott Investment Management" firmasının BP-dən səhm almasının ardınca açıqlanan bu göstəricilər şirkətin strategiyasında dəyişiklik ediləcəyi yönündə gözləntiləri gücləndirib.
Eyni zamanda ötən ay şirkətdən bildirilib ki, xərcləri azaltmaq və investor etimadını bərpa etmək məqsədilə qlobal işçi qüvvəsinin 5%-dən çoxu ixtisar ediləcək.
Şirkətin baş icraçı direktoru Murray Auchincloss isə şirkətin strategiyasının yenidən qurulacağını qeyd edib.
Məsələ ilə bağlı BP-nin Bakı ofisindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkətin strategiyasında hansı dəyişikliklərin olacağı hələ elan edilməyib. Qeyd edilib ki, açıqlama Londonda fevralın 26-na planlaşdırılır.
“Bununla belə, Azərbaycandakı neft və qaz biznesimizdə böyük dəyişiklik gözlənilmir”, deyə BP-dən vurğulanıb.
Qeyd edək ki, 2024-cü ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2386 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.