![](https://teleqraf.az/storage/2022/10/25/715x378/manat_130121.jpg)
BAKI, 13 fevral. TELEQRAF
2025-ci il 1 yanvara Azərbaycanın cəmi dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən hazırlanan “2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində qeyd edilib.
Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.
Xarici dövlət borcu
1 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 126.337,0 milyon manat (74 milyard 315,9 milyon ABŞ dolları) məbləğində olan ÜDMin 6,9 faizini təşkil edib.
2025-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 331,5 milyon ABŞ dolları və ya 20,6 faiz azalıb.
2024-cü il ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 1 milyard 376,0 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobondlar) üzrə 900 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ilin əvvəli ilə müqayisədə 2 faiz bəndi azalıb.
2025-ci ilin 01 yanvar tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71,0 milyard ABŞ dolları məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.
Daxili dövlət borcu
1 yanvar 2025-ci il tarixinə daxili dövlət borcu 18 milyard 659,7 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan ÜDM-in 14,8 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artıb. Daxili dövlət borcunun artmasının əsas səbəbi Strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olub.