BAKI, 13 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizində İranın Çabahar limanı əhəmiyyətli yerdə dayanır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulması işinin ümumi dəyəri isə 370 milyon dollardır”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və administrasiyası Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır:

“Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Dehli Co Baydenin prezidentliyi dövründə ABŞ-nin Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu. Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu, ABŞ-nin də maraqlarına cavab verirdi.

Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi. İndi isə Vaşinqtonu Əfqanıstana hurmanitar yardımın daşınması maraqlandırmır. Tramp administrasiyası limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu, Hindistanın limanın işlədilməsiylə bağlı strateji və maddi maraqlarına zərbə olacaq. Bu vəziyyətin Şimal-Cənub nəqliyyat dəhlizinə də mənfi təsiri olacaq. Ümumiyyətlə, Tramp administrasiyasının İrana qarşı sanksiyaları sərtləşərsə, bununla digər dövlətlər hesablaşmalı olacaqlar”.

Politoloq əlavə edib ki, Rusiya Şimal-Cənub dəhlizinin tam gücü ilə işlədilməsi üçün Rəşt-Astara dəmir yolunun tikintisini maliyyələşdirməlidir:

“Ancaq müxtəlif dövlətlər sanksiyalara görə İran üzərindən yükdaşımaları həyata keçirməsələr, dəmir yolunun önəmi azalacaq. Təsadüfi deyil ki, Rəşt-Astara dəmir yolu barədə illərdir danışılsa da, tikinti hələ başlamayıb”.