BAKI, 13 fevral. TELEQRAF

Son dövrlər dünyada futbolçular daha erkən yaşlarda parlamağa başlasalar da, Azərbaycanda ümumən oyun təcrübəsi qazanan gənc oyunçuların sayı azalır.

Teleqraf xəbər verir ki, Premyer Liqada çıxış edən 10 komandanın əsas heyətində 20 yaşdan aşağı futbolçuların sayı yox səviyyəsindədir. Yalnız "Şamaxı"da Edqar Adilxanov, "Neftçi"də Murad Məmmədov və "Sumqayıt"da Nihad Əhmədzadə həmyaşıdlarına nəzərən, daha çox oyunda meydana çıxa biliblər.

Bəs bu problemin kökündə nə durur?

AFFA-nın keçirdiyi uşaq liqalarında iştirak edən komandalar arasında "Neftçi", "Qarabağ", "Turan Tovuz", "Kəpəz" və "Sumqayıt" kimi tanınmış klublar çıxış etsələr də, onların Premyer Liqadakı əsas komandalarında yetirməsi olan oyunçular azlıq təşkil edir. Futbol ictimaiyyəti bunun səbəbini infrastruktur, maliyyə dəstəyi və peşəkar məşqçi kadrların çatışmazlığında görür.

Digər tərəfdən, uşaq liqalarında keçirilən oyunlar çoxsaylı problemlərlə müşayiət olunur. Gah oyunlar cırıq toplarla oynanılır, gah xanım hakim məşqçilər və valideynlərin təhqirlərinə məruz qalır, gah da komandaların iştirakı ilə kütləvi dava baş verir və döyülənlər olur. Bəlkə də elə buna görədir ki, AFFA 8 yaşdan 14 yaşadək olan liqalarda ötən turun oyunlarını əlverişsiz hava şəraiti adı ilə təxirə saldı. Halbuki, ötən həftəsonu nə qar oldu, nə də çovğun. Görünür, milli assosiasiya gərginliyin aradan qaldırılması üçün pauzaya ehtiyac duyub...

AFFA-nın bir neçə gün öncə təqdim etdiyi İnkişaf Strategiyasına nəzər salsaq, uşaq futbolu barədə geniş planların olduğunu görürük. İlk baxışdan hər şey yaxşı görünsə də, bunun gerçəkləşdirilib-gerçəkləşdirilməməsi gələcəkdə bilinəcək.

İdman ekspertləri, ölkədə uşaq futbolunun inkişafı üçün yalnız dövlət qurumlarının addımlarının kifayət etmədiyini, həm də özəl sektorun, ictimai təşkilatların və valideynlərin dəstəyinin vacibliyini vurğulayırlar. Onların fikrincə, ortaq səylərlə yaradılacaq şəffaf və ədalətli inkişaf modeli gələcəkdə Azərbaycanın idman arenasında uğur qazanmasına şərait yaradacaq.

Azərbaycanda uşaq futbolu gənc istedadların milli idman uğurlarına böyük töhfə vermə potensialına malikdir. Buna görə də mövcud problemlərin həlli istiqamətində atılacaq konkret addımlar yalnız bu sahənin deyil, bütövlükdə ölkə idmanının inkişafının təminatçısı olacaq.

"Uşaq futbolu "ölü nöqtə"dədir, inkişaf etmir"

AFFA U-13 liqasında iştirak edən "Fener Bakı" klubunun koordinatoru Araz Əhmədov ölkədə uşaq futbolunun inkişaf etmədiyini bildirib: "Təəssüf ki, Azərbaycanda uşaq futbolu uzun illərdir "ölü nöqtə"dən tərpənmir, inkişaf yoxdur. Bütün aşağı yaş qruplarının yarışları uşaqlara ziyan olan sintetik örtüklü asfaltabənzər meydançalarda keçirilir. Həmin meydançalarda heç bir şərait yoxdur. Meydanın kənarında məsafə olmadığına görə uşaqların oyun zamanı zədələnmə halları müşahidə olunur. Sintetik örtüklər o qədər pis vəziyyətə düşüb ki, artıq orada uşaqların oynaması belə qadağan olunmalıdır, çünki hər birinin diz nahiyəsində zədələr əmələ gəlir".

Sübut olaraq kadrlar da təqdim edən Əhmədov digər problemlərə də diqqət çəkib: "Müsbət cəhət yalnız o ola bilər ki, əvvəlki illərdə komanda sayı az idi, indi isə kütləvilik daha çoxdur. Amma yarışın səviyyəsi bununla artmır, çünki infrastuktur, lazımi şərait yoxdur, sıfırın altındadır. Bu hal həm Premyer Liqa klublarında müşahidə olunur, həm də digərlərində. Azərbaycanda "Qəbələ"dən başqa heç bir klubun aşağı yaş futbolçularının qalması üçün baza yoxdur. Adlı-sanlı "Qarabağ" daxil, "Neftçi" və digərlərində də belə şərait yoxdur. Əvvəllər "Sabah"da var idi, sonradan ləğv etdilər. Son zamanlarda "Ulduz" klubu bu şəraiti qurub, amma onlarda da yerlər məhdud saydadır".

O, uşaq futbolunda mütəxəsisslərin az olmasını inkişafın əsas maneələrindən sayır: "Bu sahədə verilən 400-500 manat maaşa heç kim razı olub işləmir. Heç bir məşqçi bu məvacib qarşılığında yağışda, qarda və günün altında dayanmaq istəmir. Belə olan təqdirdə bu sahədə çalışmaq istəyənlərin sayı az olur, yüksək kvalifikasiyası olan məşqçilərin hamısı daha yuxarı yaş qruplarında çalışmaq istəyirlər. Çünki orada əziyyət də çox deyil. Bir uşağı yetişdirmək üçün illər vermək lazımdır".

"AFFA yalnız yarış təşkil edir, bu da U-13 liqasına qədərdir"

Əhmədov onlara heç bir dəstəyin olmadığını vurğulayıb: "Bizə heç bir dəstək olunmur: Nə AFFA, nə Gənclər və İdman Nazirliyi, nə də başqa bir qurumdan. 20 ildən çoxdur uşaq futbolundayam, bir dəfə də olsun nəinki maddi dəstək, adicə topla belə, təmin olunmamışıq. Heç bir komanda deyə bilməz ki, bizə gətirib top və yaxud başqa idman ləvazimatı verilib. AFFA yalnız yarış keçirir, bu da U-13 liqasına qədərdir".

Futbol mütəxəssisi AFFA uşaq liqaları haqqında maraqlı faktı açıqlayıb: "U-13 liqasını AFFA keçirdiyi üçün komanda sayı 150-dən çoxdur. U-14 liqasından başlayaraq isə klub özünü stadionla təmin etməlidir deyə, komanda sayı birdən-birə 30-a düşür. İxtisara düşən 120 komandanın hər birindən 20 nəfərdən hesablaq, 2400 futbolçu yox olaraq tarixin yaddaşına qovuşur. AFFA yarışları keçirərək öz üzərlərinə düşən işi bitmiş sayır. Stadionu, nəqliyyatı olmayan klublar yarışlardan kənarda qalmağa məcburdurlar. Bu komandaların heyətində isə yetərincə istedadlı uşaqlar olur".

Əhmədovun fikrincə, əsas komandalarda şans verilmədiyi üçün gənc futbolçuların motivasiyaları olmur: "Gətirib lazımsız legionerləri doldurduqları üçün 19 - 21 yaşlı futbolçuların heç biri əsas komandaya yüksələ bilmir. Premyer Liqa klublarının əvəzedici heyətlərində 26-27 yaşlı futbolçular var, onlar 400-500 manata çıxış edirlər. Bu, biabırçılıqdır. Onların yeri ən azından I və ya II Liqa komandalarıdır. Amma komanda olmadığına, maaşlar aşağı olduğuna görə bu yaşda əvəzedici heyətdə oynayırlar. İngiltərədə, Türkiyədə, Avropanın bir sıra ölkələrində 16-17 yaşlı futbolçular yüksək liqada debüt edir, bizdə isə belə bir hal mümkünsüz görünür".

O, daha sonra AFFA-nın bir müddət öncə U-8-dən U-14-dək liqaların 8-9 fevralda keçirilməli olan oyunlarını hava şəraitinə görə təxirə salmasına reaksiya göstərib: "Heç nə yox idi, bundan da pis hava şəraiti olanda, qarlı, çovğunlu havada oyunlar keçirilib".

Xaricdə oynamaq istəyən uşaq futbolçuların üzləşdiyi əsas problemlər

Təcrübəli futbol agenti Kamran Şahverdiyev isə gənc futbolçular arasından hansı keyfiyyətlərinə görə seçim edildiyini açıqlayıb: "Gənc oyunçu seçimində aşağı yaş qruplarında uşaqların topla davranışına, bir qədər irəli yaş qrupunda uşaqların fiziki göstəricisinə və təməl futbol anlayışına önəm veririk. Bundan əlavə, oyunçuların futboldan kənar həyatları, məşq prosesləri, təhsil və dünyagörüşü də bizi maraqlandıran digər məqamlardır".

O, uşaq futbolunda agentləri rolunun önəmli olduğunu deyib: "Uşaq futbolunda agentlərin rolu danılmazdır. Bu, Azərbaycan kimi kiçik futbol ölkəsində daha da mühüm yer tutur. Əsas məsələ istedadlı uşaqların doğru agentlə işləməsidir ki, bu da valideynlərin öhdəliyində olan məsələdir. Valideyn azyaşlı övladı üçün onun karyera planlamasına uyğun olan bir agent ilə əməkdaşlıq etməlidir".

Şahverdiyev xaricdə oynamaq istəyən uşaq futbolçuların üzləşdiyi əsas problemləri sadalayıb: "İlkin mərhələdə əsasən bürokratik və dil problemləri olur. Sonralar bir çoxları yeni mədəniyyətə uyğunlaşmaqda çətinliklər yaşayır. Dil və adaptasiya isə uşağın dünyagörüşü və savadı ilə bağlı olan məsələdir ki, valideynlər övladını xarici komandalarda görmək istəməzdən əvvəl bu nüansların üzərində işləməlidirlər".

Agent gənc yaşdan legioner həyatını yaşayan, amma parlamağı bacarmayan futbolçuların bu problemini seçimlə əlaqələndirib: "Hər xaricə gedən mütləq inkişaf edəcək deyə bir məqam yoxdur. Ümumən agentlər də, valideynlər də seçim edərkən çox diqqətli olmalıdırlar. Sırf xaricdə oynamaq üçün övladı hər hansı ölkəyə göndərmək düzgün yanaşma deyil. İlk əvvəl uşağı bacarıqlarına əsasən araşdırmalı, məşq prosesləri, futboldankənar məşqlər və dərslər də diqqətlə izlənməlidir. Belə deyək, bir uşaq daha çox İtaliya futboluna uyğun oyun nümayiş etdirirsə və göstəriciləri də o yöndədirsə, o uşaq heç vaxt Almaniyada parlaya bilməz və yaxud çox gec öyrəşmə prosesi olacaq və inkişaf yaşını ötəcək".

Şahverdiyev xarici klublara transfer etdirdiyi gənc oyunçuları barədə də danışıb: "2020-ci ildən çalışırıq ki, aktiv olaraq azərbaycanlı aşağı yaş qrup oyunçularını Avropadakı akademiyaların üzvü edək. Bu günə qədər Hüseyn Hüseynovun İngiltərənin “Vest Hem” akademiyasinda uğurlu təlim-məşq prosesindən sonra qəbul aldığını, Ümid Əliyevin İspaniyanın “Rayo Alcobendas” komandasında, Həsən Hüseynovun Polşanın “Polonya Varşava” akademiyasındakı çıxışı gördüyümüz işlərdən bəzi nümunələrdir".