BAKI, 13 fevral. TELEQRAF

İngiltərənin "Liverpul" klubunun kapitanı Vircil van Deyk Premyer Liqanın XV turunun təxirə salınmış "Everton"la səfər oyununda (2:2) baş verən dava haqqında açıqlama verib.

Teleqraf xəbər verir ki, niderlandlı futbolçu "Everton"un üzvü Abdullay Dukurenin münaqişədə günahkar olduğunu bildirib.

"Onların qolu qeyd etdiklərini gördünüz, onların buna haqqı var. Məncə, Dukure azarkeşlərimizi provokasiya etmək istədi, Körtis Cons isə bunun qarşısını almağa çalışdı. Əlbəttə ki, dava başlayanda nə baş verdiyini bilirsiniz”, - van Deyk deyib.

Qarşılaşmanın baş hakimi Maykl Oliver davadan sonra "Liverpul"un baş məşqçisi Arne Slota, Körtis Consa və Abdulla Dukureyə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, 90+8-ci dəqiqədə “Everton”un kapitanı Ceyms Tarkovski komandasının ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib. Daha sonra "mavilər"in yarımmüdafiəçisi Abdullay Dukure "Liverpul"un azarkeşləri önündə sevinmək istəyərkən, "qırmızılar"ın oyunçuları, xüsusən də yarımmüdafiəçi Körtis Cons onun üzərinə şığıyaraq önünü kəsməyə çalışıb.