BAKI, 13 Fevral. TELEQRAF

Bakının Xəzər rayonunda 1967-ci il təvəllüdlü Telman tanışı Mətanətin azyaşlı nəvəsi Ləmana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Telman təxminən 2022-ci il sentyabrın əvvəllərində Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin həyətində 2013-cü il təvəllüdlü Ləmanla tək qalarkən ona qarşı digər intim hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Telmanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Mətanəti tanıyır: “Onu Səmayə adlı şəxsin vasitəsi ilə tanımışam, aramızda normal münasibət olub. Heç bir düşmənçilik və ya ədavətimiz olmayıb. Məlum hadisədən 2 ay əvvəl Səmayə məndən Mətanət adlı rəfiqəsinə Binə qəsəbəsində torpaq sahəsi tapmağımı xahiş etdi. Mən də razılaşaraq Binədə torpaq sahəsi tapdım. Mətanət torpağı bəyəndi. Ondan 200 manat beh aldım.

Mətanət xahiş etdi ki, ev tikilən müddətdə yaşamaq üçün Binədə ona kirayə ev tapım. Mən kirayə ev axtarmağa başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2022-ci il sentyabrın əvvəllərində Binə Atçılıq qəsəbəsində Səmayənin evində Mətanətlə görüşüblər: “Adını bilmədiyim azyaşlı nəvəsi də Mətanətin yanında idi. Mətanətlə görüşərkən nəvəsinin yanağından da öpdüm. Sonra birlikdə kirayə evə baxmağa getdik. Binə qəsəbəsi, Bolluq yaşayış massivində evə baxdıq. Orada tanımadığım ev sahibi olan kişi və iki qohumu da var idi.

Əvvəlcə həyətdə olan çardağın yanında dayandıq. Sonra baxmaq üçün evə keçdik. Ev sahibləri ilə pul söhbəti zamanı həyətə düşərək siqaret çəkdim. Mətanətin nəvəsi də həyətdə idi. Mən siqaret çəkəndə həmin azyaşlı qız koldan giləmeyvə dərib yeyirdi. Həyətin çardaq olan hissəsində ikimiz dayanmışıq. Koldan giləmeyvə dərib qıza verdim. Uşağın arxa tərəfindən qoltuqaltı nahiyədən tutub fırladaraq oynadırdım.

Mətanət bizə yaxınlaşdı və dedi ki, uşağı incitmə. Dedim ki, uşaqla oynayıram da, neynəyirəm ki. Sonra birlikdə çıxaraq getdik. Uşağın dodağından öpməmişəm, oynadarkən başqa məqsədim olmayıb. Uşaqbazlıq etməmişəm və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ev alınmadığına görə uşağın nənəsi verdiyi 200 manat behi geri istədi. Aramızda başqa söz-söhbət olmadı. Mən uşağın öyrədildiyini hesab edirəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, 3-cü sinifdə təhsil alır: “Nənəmlə tez-tez görüşürəm. Telmanı nənəmlə birlikdə ev axtaranda tanımışam. Kirayə ev üçün nənəm söhbət edərkən, Telmanla mən həyətdə tək qaldım. Telman evə keçməyimə icazə vermədi, məni həyətdə saxladı, dodağımdan öpdü. Daha sonra arxadan mənə qarşı pis hərəkətlər etdi. Utandığım üçün nənəmi hadisə yerinə çağırmadım”.

Zərərçəkmiş Ləmanın anası Arzunun ifadəsinə görə, ailəlidir, hüquq təhsili alıb, lakin hazırda əmək fəaliyyəti ilə məşğul deyil: “Hadisə baş verdikdən 1 gün sonra Ləmanda aqressivlik müşahidə etdim. Amma belə bir hadisənin baş verməsini təxmin etməmişəm. Ləmanla birlikdə əyləncə parkına gedərkən bizə ev göstərən makleri təsvir edərək ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirdi. Hadisənin baxmağa getdiyimiz evin arxa hissəsində, ağaclıq ərazidə baş verdiyini, Telmanın onu tutduğuna görə qaça, utandığına görə qışqıra bilmədiyini söylədi”.

Arzu qeyd edib ki, ekspertiza zamanı həkim azyaşlı qızı dəfələrlə yoxlayıb: “Həkim qıza narahat olmamağı, yalnız özü istədiyi təqdirdə hadisəni danışmağı təklif elədi. Ləman heç vaxt yalan danışmadığına görə onun bu hadisəni də uydurub danışması inandırıcı deyil. Mənə şikayət verməməyi məsləhət görsələr də, Telmanın vəzifəli şəxslərin evində bağban işlədiyini bildirsələr də, onun bu əmələ görə qanun qarşısında cavab verməli olduğu qərarına gəldim.

Bizim Telman və ailəsi ilə heç bir tanışlığımız, ədavətimiz olmayıb. Hadisədən sonra onun haqqında heç nə eşitməmişəm”.

Azyaşlı zərərçəkmişin atası Məmmədin sözlərinə görə, qızını məktəbə ya dayısı, ya da özü aparır: “Hadisədən hər kəsdən sonra məlumatlı olmuşam. Əvvəllər məhkumluğum olmayıb. Taksi sürücüsü kimi fəaliyyət göstərirəm, səhər 7-də işdən çıxıb axşam 9-10 arası evə gəlirəm. Bir qızım var, digər övladım virusa yaxalanma səbəbindən rəhmətə gedib. Azyaşlı qızımın yalan danışmağına inanmıram”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.