
BAKI, 28 fevral. TELEQRAF
İtaliyanın şimalındakı Qarda gölü sahilində yerləşən Salo şəhərinin faşist lider Benito Mussoliniyə verdiyi “fəxri vətəndaşlıq” adı 100 ildən sonra geri alınıb.
Teleqraf İtaliya mətbuatına istinadən xəbər verir ki, faşizmin ən güclü dayaq mərkəzlərindən olmuş Salonun bələdiyyə məclisi ötən gün Mussoliniyə 1924-cü ilin mayında verilmiş “fəxri vətəndaşlıq” adının ləğv edilməsi barədə qərar verib.
Qərar bələdiyyə məclisindəki sol partiyaların təmsilçilərinin səsləri ilə qəbul edilib.
"İndiki İtaliyada artıq Mussolininin ideyalarına yer yoxdur", - qərarda qeyd olunur.
1922-1943-cü illərdə hakimiyyətdə olmuş diktator Mussolini İkinci Dünya müharibəsi zamanı İtaliya Sosial Respublikasını məhz Salo şəhərində elan etmişdi.
İtaliyada Mussoliniyə rəğbət bəsləyənlər hər il oktyabr ayında "Roma yürüşü"nü qeyd etmək üçün bura gəlirlər. Çünki Mussolunu 1922-ci ilin oktyabrında Salodan Romaya yürüş edərək hakimiyyəti ələ keçirmişdi.