
BAKI, 28 fevral. TELEQRAF
2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.
Teleqraf xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nda bildirilir ki, bu ilin birinci ayında yeyinti məhsullarının ixracı 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub: “İxrac olunan məhsullar arasında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb”.
İcmalda qeyd edilir ki, 2025-ci ilin yanvar ayında aqrar məhsulların ixracı 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci, karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.