TBİLİSİ, 28 fevral. TELEQRAF

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 94 nəfər təşkil edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, həmin şəxslərin 20-si ittiham olunan, 74-ü isə məhkumdur. Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 57-si kişi, 17-si qadındır.

Gürcüstanda probasiya nəzarətində 44-ü kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlan olmaqla 52 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Qonşu ölkədə həbs cəzası çəkən xarici ölkə vətəndaşlarının ümumi sayı 1 022 nəfərə bərabərdir, probasiya nəzarətində olanların sayı isə 491-dir.