
Müxtəlif xalqlara mənsub iranlı müəllimlər İran parlamentinin qeyri-fars dillərinin məhdud formada tədrisini nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasına etiraz ediblər.
Teleqraf xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında deyilir.
Bəyanat müəllifləri İran parlamentinin bu hərəkətini "başqa dillərə olan ögey münasibətin nümunəsi" adlandırıb, bunu sistemli şəkildə tətbiq edilən dil ayrı seçkiliyi kimi dəyərləndiriblər.
“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Konvensiyasına əsasən, ana dilində təhsil bütün insanların əsas və təbii hüquqlarından biridir. İran hökuməti isə 40 ildən çoxdur buna əhəmiyyət vermir və mədəniyyətlərə, dillərə qarşı repressiyalarını davam etdirir”,- bəyanatda deyilir.
Qeyd edək ki, fevralın 26-da İran parlamentini qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarıb. Səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib. Nəticədə qanun layihəsi qəbul olunmayıb.