
BAKI, 28 fevral. TELEQRAF
Türkiyə ABŞ-dən PKK terror təşkilatına dəstəyi dayandırmasını tələb edib.
Teleqraf xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində “Amerika Türkiyə üçün təhlükə yaradan PKK-ya dəstək öhdəliyindən qurtulmalıdır” deyib.
Hakan Fidan Suriyada PKK/YPG-nin öz idarəçiliyini tətbiq etmək istədiyini bildirib:
"PKK və onun qolları Suriya torpaqlarının üçdə birini işğal edib. Bunların böyük əksəriyyəti ərəb şəhərləridir. Onlar neft və təbii qaz olan yerlərə nəzarət edirlər. Neft-qazı Türkiyəyə satıb pulunu PKK-nın fəaliyyəti üçün İrana göndərirlər. Türkiyə, İraq və İrandan gələn 2000-ə yaxın PKK kadrı hazırda PKK/YPG-nin rəhbərliyində təmsil olunur".
H.Fidan ABŞ və Avropa ölkələrinin hələ də PKK/YPG-yə dəstək verməsinin səbəbinin onların həbsxana xidmətləri göstərməsi ilə izah edib: "PKK/YPG İŞİD əsirlərini həbsxanada saxlamaq müqabilində Suriya ərazisinin üçdə birini işğal edib. İraq, Türkiyə və İrandan gətirdikləri bütün terrorçular Suriya torpaqlarına sığınıb. Onlar Suriyanın, İraqın və Türkiyənin ərazi bütövlüyünə təhdiddirlər. İndi təbii ki, bunun aradan qaldırılması lazımdır".
İranın SDQ adından istifadə edən PKK/YPG terror təşkilatına dəstək verə biləcəyi ilə bağlı iddialara gəlincə, Fidan İranın keçmişdəki kimi siyasətini davam etdirməsinin doğru olmayacağını vurğulayıb: "Başqa ölkədə bir qrupa dəstək verməklə orada narahatlıq yaratmaq istəyirsənsə, başqa bir ölkə də sənin daxilindəki hansısa qrupa dəstək verməklə narahatlıq yaradacaq. Yəni artıq dünyada heç bir şeyi gizli saxlamaq mümkün deyil. Səndə olan bacarıqlar başqalarında da var. Pəncərənə daş atılmasını istəmirsənsə, başqasının pəncərəsinə daş atmayacaqsan".