BAKI, 28 fevral. TELEQRAF

İraqda Kərkükdən sonra Səlahəddin vilayətinin dövlət qurumlarında da, bütün rəsmi yazışmalarda ərəb dili ilə yanaşı, türkcə də istifadə olunacaq.

Teleqraf xəbər verir ki, Səlahəddin Əyalət Şurasının üzvü Atif əl-Nəccar İraq konstitusiyasının 4-cü maddəsinə əsasən türkmənlərin çoxluq təşkil etdiyi bölgələrdə türkcənin rəsmi dil olaraq qəbul edildiyini və rəsmi yazışmalarda istifadə hüququnun olduğunu bildirib.

Nəccar qeyd edib ki, artıq vilayətin şəhər mərkəzində, rayon, qəsəbə və kəndlərində bütün rəsmi yazışmalarda türkcədən istifadə mümkün olacaq.

Bölgə rəsmisi təkcə rəsmi yazışmalarda yox, dövlət qurumlarına vurulan lövhələrdə də ərəb dili ilə yanaşı, türkcənin də istifadə ediləcəyini açıqlayıb.

Türkmənlərin Səlahəddin vilayətində ərəblərdən sonra ikinci ən böyük etnik qrup olduğunu vurğulayan Nəccar bu addımın ölkə daxilində türkmənlərin bütün hüquqlarını qorumaq üçün atıldığını qeyd edib.