BAKI, 28 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Milli Elmlər Akademiyasında Dünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Milli Elmlər Akademiyasının, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Dünya Mülki Müdafiə Günü, onun məqsəd və vəzifələri barədə məlumat verib. Əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin mülki müdafiə sahəsinin inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd edib.

FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi Niyazi Zamanov bildirib ki,əhalinin marifləndirilməsi, fövqəladə hadisələrə hazırlıqlar diqqət mərkəzindədir.

"Mülki müdafiə sisteminin inkişafında hər bir şəxs öz əməyini əsirgəməməlidir. Bu yolda hər kəsin qarşısında böyük məsuliyyət dayanır", deyə Niyazi Zamanov diqqətə çatdırıb.