BAKI, 28 fevral. TELEQRAF

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” və Vergi Məcəlləsində dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə vergi tutulacaq.

Eyni zamanda satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişik layihəsində isə əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.