BAKI, 28 fevral. TELEQRAF

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avropanın müxtəlif ölkələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyaları keçirilib.

Teleqraf xəbər verir ki, aksiyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil edilib.

Çexiyada fəaliyyət göstərən “Land of Fire”in təşkilatçılığı ilə Praqanın “Respublika” meydanında Xocalı soyqırımına həsr olunmuş məlumatlandırma aksiyası keçirilib. Kampaniya çərçivəsində meydanda Xocalı faciəsi haqqında məlumatları özündə əks etdirən məlumat lövhəsi yerləşdirilib, Çex ictimaiyyəti və şəhərin qonaqları Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılıb, Azərbaycan həqiqətləri təbliğ olunub.

Digər bir aksiya Avstriyanın paytaxtı Vyana şəhərində baş tutub. Yerli sakinlər və şəhərin qonaqları Xocalı soyqırımı haqqında məlumatlandırılıb. Azərbaycan Mədəniyyət Mərkəzi və İş Adamları Dərnəyinin təşkilatçılığı, eyni zamanda Vyanada yaşayan soydaşlarımızın fəal iştirakı ilə baş tutan aksiya zamanı şəhərin mərkəzində yerləşən küçə və meydanlarda bukletlər, məlumat vərəqələri paylanılıb. Bununla yanaşı, üzərində soyqırımına dair faktları əks olunan xüsusi avtomobil şəhərin mərkəzi küçə və prospektlərində hərəkət edib.

Sloveniyanın paytaxtı Lyublyana şəhərində Xocalı soyqırımı qurbanları anılıb. Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə şəhərin mərkəzində və dövlət müəssisələrinin yerləşdiyi küçələrdə üzərində "Xocalını unutmayaq!" yazılmış QR kodlu bannerlər nümayiş olunub. Bannerlərdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qətliamın tarixin ən dəhşətli və amansız hadisələrindən biri olduğu vurğulanıb.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.