TBİLİSİ, 12 aprel. TELEQRAF

““3+3” formatı “3+2” adlandırılmalıdır, çünki Gürcüstan “3+3” formatının bir hissəsi deyil. Biz Rusiyadan başqa bütün qonşularımızla əməkdaşlıq edirik. Bunun səbəbi odur ki, Gürcüstanın iki bölgəsi Rusiyanın işğalı altında saxlanılır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumunda təşkil olunmuş “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” adlı panel müzakirəsində deyib.

Nazirin sözlərinə görə, Gürcüstan “3+3” formatında təmsil olunmağı nəzərdən keçirmir.

“Bizim Rusiya ilə yalnız bir formatımız var ki, bu da Cenevrə beynəlxalq danışıqlarıdır. Gürcüstan və Rusiya bu çərçivədə beynəlxalq təşkilatların cəlb olunması ilə münaqişə ilə bağlı məsələlərin müzakirələrini aparır”, - M.Boçorişvili söyləyib.

XİN başçısı Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə çox yaxşı münasibətlərinin olduğunu qeyd edib:

“Biz Azərbaycan və Türkiyə ilə birgə mühüm layihələr reallaşdırmışıq. Bu layihələr yalnız kiçik bölgə üçün deyil, daha böyük region üçün də çox vacibdir”.

M.Boçorişvili bildirib ki, Gürcüstan regional əməkdaşlığın genişləndirilməsi və regional layihələrin həyata keçirilməsinə töhfə verməyə hazırdır, lakin bu məsələlər “3+3” formatına aid deyil.