BAKI, 21 aprel. TELEQRAF

Mədəniyyət Nazirliyi və Nazirliyin tabeliyində olan təsərrüfat hesablı “Əsaslı Tikinti və Təchizat” MMC-də aparılan dövlət satınalmaları ilə bağlı nöqsanlar aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət Auditi" bülleteninin 2026-cı il üzrə birinci nömrəsində qeyd olunub.

Bildirilib ki, mövcud bazar imkanlarının araşdırılmaması və analoji layihələr üzrə tətbiq edilən qiymətlərin diqqətə alınmaması satınalmalarda ehtimal qiymətlərinin, son nəticədə isə müqavilə qiymətlərinin daha yüksək müəyyənləşdirilməsi, malların, işlərin və xidmətlərin daha baha qiymətlərlə alınmasına şərait yaradıb.

Dövlət satınalmalarını tənzimləyən və auditin əhatə etdiyi dövrdə qüvvədə olan hər iki qanunvericilik aktında təklif olunan qiymətin ehtimal qiymətləri ilə müqayisədə 20,0%-dən aşağı olduğu hallarda zəruri sorğuların verilməsi, təqdim edilən məlumatlar araşdırılmaqla qərarların qəbul olunması nəzərdə tutulsa da, bir sıra hallarda nəzərəçarpacaq dərəcədə aşağı qiymətlər təklif edən iddiaçılarla nəzərdə tutulan yazışmalar aparılmadan qalib elan ediliblər:

"Bu, bir tərəfdən ehtimal qiymətinin düzgün formalaşdırılmadığını, ikinci bir tərəfdən isə qəbul olunan qərarlar üzrə risklərin mövcud olduğunu qeyd etmək imkanı verir.

Audit göstərib ki, bəzi tenderlərdə qiyməti ehtimaldan 43,8–57,4% aşağı verən şirkətlər qalib seçilib. Amma onlar müqavilə öhdəliklərini ya tam yerinə yetirməyib, ya da düzgün icra etməyib. Nəticədə ehtiyaclar tam qarşılanmayıb və satınalmaların səmərəliliyi azalıb.

Həmçinin, satınalma predmetinin hissələrə bölünməsi imkanından istifadə olunmayıb. Bu isə daha uyğun qiymətlərin əldə edilməsinə mane olub və bəzi hallarda müqavilələrin 30%-ə qədər daha baha qiymətlə bağlanmasına səbəb olub.