BAKI, 22 aprel. TELEQRAF

Moskvanın Romadakı səfiri rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyanın Baş naziri Giorgia Meloniyə qarşı təhqiramiz ifadələrinə görə XİN-ə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.

İtaliya mediasının məlumatına görə, aparıcı Vladimir Solovyov Rusiya televiziyasında Melonini italyan dilində "bəşəriyyət üçün rüsvayçılıq", "vəhşi heyvan", "tamamilə axmaq" və "iyrənc kiçik qadın" adlandırıb. Daha sonra o, rus dilinə keçərək deyib: "Həmin Meloni seçicilərinə xəyanət edən faşist məxluqdur" və əlavə edib ki, "o, hətta Trampa da xəyanət edib".

Tajani X sosial şəbəkədə yazıb ki, Rusiya səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağıraraq teleaparıcı Vladimir Solovyovun Baş nazir Giorgia Meloni haqqında Rusiya televiziyasında verdiyi "son dərəcə ciddi və təhqiramiz ifadələr"lə bağlı rəsmi şikayət ərizəsi təqdim edib.

Rus teleaparıcının açıqlamaları hətta İtaliya müxalifət partiyaları tərəfindən də qınanılıb.