BAKI, 21 aprel. TELEQRAF
“2021-ci ildən bəri Ermənistan müxalifəti Vladimir Putindir, bu gün də heç nə dəyişməyib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.
Babacanyanın fikrincə, xalqa atəş açan cinayətkarlara - Serj Sərkisyan, Robert Köçəryan, “Daşnaksütyun” və digərlərinə qarşıdakı parlament seçkilərində iştirak etmək, hansısa vəzifə tutmaq qadağan olunmalıdır: “2008-ci il martın 1-də onlar İrəvanın mərkəzində on silahsız və dinc etirazçının timsalında demokratiyanı gülləbaran ediblər”.
Siyasətçi hesab edir ki, bu müxalif qüvvələr Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko tərəfindən idarə olunur və yönəldilir:
“Bu qüvvələrin məqsədi Ermənistanı qaçılmaz müharibələr və fəlakətlər qarşısında qoymaqdır. Samvel Karapetyan və Qaqik Sarukyan da Robert Köçəryana bağlıdır, hamısı eyni mənbədən qidalanır. Seçki rüşvəti və siyasi qətllər dövrünü geri qaytarmaq istəyirlər”.
Babacanyan vurğulayıb ki, yaxın vaxtlarda Ermənistanda son dərəcə mühüm inkişaflar gözlənilir, Rusiya hər vasitə ilə onların qarşısını almağa çalışır.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.