BAKI, 21 aprel. TELEQRAF
Torpaq sənədləri üzrə rekvizitləri mövcud olmayan 157 min ha torpaq sahəsi üzrə ümumilikdə 34,55 mln. manat məbləğində əkin subsidiyası ödənilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Qeyd edilir ki, açıq və əlçatan peşəkar elektron platformalar üzərindən əldə olunan peyk görüntülərinin təsvirləri ilə 49 əkin bəyanına aid 117454,2 ha torpaq sahəsində becərmə işlərinin aparılması öz təsdiqini tapmadığı halda 19 fermerə həmin bəyan ili üçün ümumilikdə Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə 24,2 mln. manat məbləğində əkin subsidiyası ödənilib. Eyni zamanda sığorta risklərini qabaqcadan qiymətləndirməyən və becərilmə mərhələlərini izləməyən Aqrar Sığorta Fondunun xətti ilə sığorta ödənişi adı altında ümumilikdə 1883,2 min manat məbləğində vəsait maliyyələşdirilib.
2022-2023-cü bəyan ilində biçilmiş əkin sahəsi üzrə 14 sentner, ümumi əkin sahəsi üzrə 2,3 sentner olmaqla biçini aparılmayan 60276,8 ha sahə üzrə ödənilmiş əkin subsidiyası 13863,7 min manata, 2023-2024-cü bəyan ilində biçilmiş əkin sahəsi üzrə 9,2 sentner, ümumi əkin sahəsi üzrə 4,4 sentner olmaqla biçini aparılmayan 44501,7 hektar sahə üzrə ödənilmiş əkin subsidiyası isə 10235,4 min manata bərabər olub.