BAKI, 21 aprel. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qaregin vəzifəsindən kənarlaşdırılmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, Erməni Apostol Kilsəsi vergi ödəməlidir, din xadimləri vergi orqanlarına bəyannamə təqdim etməlidir:

“Dəyəryönümlü dini həyatın təmin edilməsi üçün Erməni Apostol Kilsəsində islahatlar həyati zərurətdir. Son onilliklərdə kilsənin faktiki rəhbərliyinin fəaliyyəti nəticəsində inanclılar böyük ölçüdə kilsədən uzaqlaşıblar və bu proses davam edir. Bu, həm də mənəvi təhlükəsizlik məsələsidir, çünki xarici qüvvələrə kilsəni Ermənistanın müstəqilliyi və suverenliyinə qarşı hibrid mübarizə alətinə çevirmək imkanı yaradır.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyası kilsədə islahatların gündəliyini dəstəkləyir və aşağıdakı yol xəritəsini qəbul edir:

Kilsənin faktiki rəhbərinin (II Qaregin) vəzifədən uzaqlaşdırılması;

Müəyyən olunmuş qaydada müvəqqəti katolikosun seçilməsi;

Kilsə nizamnaməsinin qəbul edilməsi (burada maliyyə şəffaflığı və din xadimlərinin etik davranışını təmin edən mexanizmlər təsbit olunmalıdır);

Müəyyən olunmuş qaydada bütün ermənilərin katolikosunun seçilməsi.

“Vətəndaş Müqaviləsi” Partiyası və hökumət din xadimlərini dövlətin sosial təminat sisteminə daxil etmək üçün addımlar atacaq.

Həmçinin partiya bütün vətəndaşların dini etiqad azadlığına hörmət etdiyini vurğulayır və bildirir ki, Ermənistan dünyəvi dövlətdir, Konstitusiyaya əsasən dini təşkilatlar dövlətdən ayrıdır. Kilsədə islahatlar gündəliyi onu siyasətdən uzaqlaşdırmaqla konstitusion quruluşun tam bərpasına xidmət edir”.