BAKI, 22 aprel. TELEQRAF
Alaq otlarına qarşı istifadə edilən herbisidlər xərçənglə əlaqəli mutasiya riskini əhəmiyyətli dərəcədə artırdığına dair dəlillər aşkar edilib.
Teleqraf xəbər verir ki, İspan həkimləri və bioloqlarının mövzuya dair araşdırması "Nature Medicine" elmi jurnalında dərc olunub.
"Dünyada gənc və orta yaşlı insanlar arasında kolorektal və rektal xərçəngi sürətlə artır. Bu, adətən həyat tərzi, qida və digər ətraf mühit amillərindəki dəyişikliklərlə əlaqəlidir. Epigenetik təhlilimiz göstərir ki, bu şişlərin inkişaf ehtimalı yalnız sağlam olmayan vərdişlər və ya sağlam olmayan pəhrizlə deyil, həm də pestisid pikloramına məruz qalma ilə artır", - deyə tədqiqatçılar yazır.
Van d'Hebron Onkologiya İnstitutunun (İspaniya) elmi işçisi Xose Seoanın rəhbərlik etdiyi qrup 50 yaşdan aşağı xəstələrdə kolorektal xərçəngin inkişafına təsir edən çoxsaylı risk faktorlarını araşdırıblar. Əvvəllər bu qrup xəstələrdə şişin sürətlənmiş inkişafı əsasən pəhriz və həyat tərzi amilləri ilə əlaqələndirilirdi.
Seoane və həmkarları Xərçəng Genomu Atlası (TCGA) üçün toplanan bir neçə məlumat dəstini və şiş nümunələrini araşdıraraq bunun həqiqətən belə olub olmadığını yoxlayıblar. TCGA, ABŞ Milli Xərçəng İnstitutu (NCI) və Milli İnsan Genomu Tədqiqat İnstitutu (NHGRI) tərəfindən xərçəngə səbəb olan mutasiyalar haqqında biliklər sistemləşdirilib.
Bu məlumatlardan istifadə edərək, ispan tədqiqatçıları 29 müxtəlif həyat tərzi, pəhriz və ətraf mühit faktorunun mutasiyaların tezliyinə, yoğun bağırsaq və düz bağırsaq şişlərinin inkişafına kömək edən onkogenlərin aktivliyindəki dəyişikliklərə necə təsir etdiyini araşdırıblar. Ümumilikdə, onlar bu amillərlə əlaqəli və 50 yaşdan kiçik xəstələrdə şişin yayılmasına təsir edən 63 genom bölgəsinin strukturunda dəyişikliklər müəyyən ediblər.
Herbisid pikloramın təsirinə məruz qalmanın sağlam olmayan vərdişlərdən, artıq çəkidən və hava çirkliliyindən sonra ən əhəmiyyətli risk faktorlarından biri olduğu müəyyən edilib. Onun bədəndə toplanması gen aktivliyində təhlükəli dəyişikliklərin inkişaf riskini təxminən 1,56-1,71 dəfə artırıb.
Herbisid haqqında
Herbisidlər 1960-cı illərin ortalarında Amerika kimya şirkəti "Dow Chemical" tərəfindən Vyetnamda meşəliyi məhv etmək üçün hərbi məqsədlərlə hazırlanıb. Herbisidlər əvvəllər insanlar üçün yüngül zəhərli kimyəvi maddə hesab olunurdu.