BAKI, 21 aprel. TELEQRAF
“Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu”nun "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun gəlir mənbələri siyahısından çıxarılmasına baxmayaraq, bu istiqamət üzrə 8 milyon manat proqnoz təsdiqlənib. 5 milyon 293 min manat icra edilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət Auditi" bülleteninin 2026-cı il üzrə birinci nömrəsində qeyd olunub.
Palatadan bildirilib ki, 2024-cü ilin sonuna olan məlumatlara əsasən, Avtomobil Yolları Dövlət Agentliyinin daxili uçotunda uzunluğu 858,4 km olan qara, uzunluğu 5400,9 km olan çınqıl-qırmadaş və uzunluğu 56 km olan torpaq örtüklü ümumi istifadədə olan avtomobil yolları hələ də qalır.
Asfalt-beton yollarının artmasına və qeyri-asfalt yollarının azalmasına baxmayaraq, Agentliyin uçotunda olan qeyri-asfalt-beton yollarının xüsusi çəkisinin hələ də yüksək olaraq qalması (35,2%) yollarda yol hərəkətinin iştirakçılarına daha rahat və təhlükəsiz hərəkət etmələri üçün zəruri şəraitin tam olaraq yaradılmadığını göstərir.
2024-cü il üçün Bakı şəhər yollarındakı avtomobil tunellərinin, yol ötürücülərinin, yeraltı və yerüstü piyada keçidlərinin illik istismar xərcinin hesablanması “Azərbaycan Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc Normativləri”ndə nəzərdə tutulmadığı halda proqnoza daxil edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin maliyyə fəaliyyətinin, xüsusilə xərclər smetasının Vergi Məcəlləsinin, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat Uçotunun Aparılması Qaydaları”nın müvafiq müddəaları rəhbər tutularaq planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlər həyata keçirilməyib.