BAKI, 22 aprel. TELEQRAF

İran Hörmüz boğazını ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası aradan qaldırılana qədər açmayacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran hökumətinin rəsmi açıqlamasını dərc edib.

Rəsmi açıqlamada qeyd olunub ki, blokadanın davam etməsi münaqişənin davam etməsi deməkdir və Tehran bu şəraitdə boğazı açmaq niyyətində deyil. Bildirilir ki, zərurət yaranacağı halda İran blokadanı güc yolu ilə yarmağa da hazırdır.

Qeyd edilib ki, Hörmüz boğazı üzərində nəzarət münaqişə başa çatana və bölgədə sabit sülh təmin olunana qədər davam etdiriləcək. Bu mövqe İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən də dəstəklənir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazının İranla yekun razılaşma əldə olunmayana qədər açılmayacağını bildirmişdi.

Eyni zamanda, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu də boğazın ABŞ blokadası tam aradan qaldırılana qədər bağlı saxlanılacağını açıqlamışdı.