BAKI, 22 aprel. TELEQRAF
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən texnikaların maliyyələşdirilməsi qaydalarında güzəşt məbləğinin texnikanın istehsal ilinə görə fərqləndirilməsi yönündə şərtlər müəyyən edilməyib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət Auditi" bülleteninin 2026-cı il üzrə birinci nömrəsində qeyd olunub.
Bildirilib ki, bu səbəbdən istehsal ili 2 ilədək və 2 ildən artıq köhnə texnikalara eyni qaydada güzəşt tətbiq olunub. Nəticədə 26 təchizatçı üzrə 294 halda 2 ildən köhnə texnikalara 1,5 milyon manat güzəşt verilib. Bu isə dövlət vəsaitindən tam səmərəli istifadə olunmadığını göstərir.
Bundan əlavə, 2020-ci ildə təsərrüfat subyektinə güzəştlə satılmış texnika 3 ildən sonra başqa şəxsə yenidən güzəştlə satılıb. Bu hal dövlət büdcəsindən 6,8 min manat artıq xərc kimi qiymətləndirilib.
Həmçinin 122 halda texnikalar elektron qaimə-faktura olmadan təqdim edilib, amma buna baxmayaraq 6 təchizatçıya texnika dəyərinin 40%-i həcmində ümumilikdə 691,3 min manat güzəşt ödənilib. Bu isə inzibatçılığın düzgün təşkil edilməməsi səbəbindən dövlət dəstəyinin effektivliyini qiymətləndirməyi çətinləşdirdiyini göstərir.