BAKI, 21 aprel. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə veriblər.

Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

Bildirilib ki, missiya İrəvana seçki prosesinə qarşı xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək. Məlumata görə, missiya yaxın aylarda fəaliyyətə başlayacaq, iki illik mandata malik olacaq və “Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası” (EUPM Armenia) adlandırılacaq.

Qərara əsasən, EUPM Aİ-nin Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi Aİ missiyasını (EUMA) əvəz edəcək.

EUMA-nın dörd illik mandatı 2027-ci ilin əvvəlində başa çatır.

Yeni missiyada əsasən paytaxtda Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndənin olması gözlənilir.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.