
TBİLİSİ, 12 aprel. TELEQRAF
“Gürcüstan üçün Cənubi Qafqazda sülh və təhlükəsizlik mühüm prioritetdir. Cənubi Qafqaz regionunun böyük potensialı var və bu potensialdan tam istifadə üçün dayanıqlı və uzunmüddətli sülh tələb olunur”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumunda təşkil olunmuş “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” adlı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını alqışlayır.
“Bu, böyük nailiyyətdir. Gürcüstanın iki qonşusu – Azərbaycan və Ermənistanla ənənəvi olaraq yaxşı münasibətləri var. Azərbaycanla onilliklərdir dostluğa əsaslanan strateji tərəfdaşlığımız və çox yaxşı əməkdaşlığımız var. Ermənistanla bu yaxınlarda strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş ənənəvi çox yaxşı münasibətlərimiz var. Azərbaycan və Ermənistan Gürcüstana güvənə bilərlər. Gürcüstan bölgədə dialoq və əməkdaşlığı asanlaşdırmaq üçün bütün mümkün vasitələri təqdim etməyə hazırdır”, - nazir deyib.