TBİLİSİ, 12 aprel. TELEQRAF

“Antalya Diplomatiya Forumunda əsas diqqət Cənubi Qafqaza yönəldiləcək. Bizim - Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıqla bağlı baxışlarımızı birgə müzakirə etmək imkanımız olacaq”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili gürcü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müzakirələr Gürcüstanın mövqeyini bir daha səsləndirmək və bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə töhfə vermək iradəsini bir daha ifadə etmək üçün çox mühüm və yaxşı fürsətdir.

M.Boçorişvili, həmçinin ötən gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşü iki ölkə arasında münasibətlər üçün vacib olan məsələlərin bir daha müzakirəsi baxımından mühüm adlandırıb.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu çərçivəsində bu gün “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın XİN başçıları iştirak edəcəklər.