TBİLİSİ, 11 aprel. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında bildirib.

“Biz Gürcüstan və Azərbaycan arasında nümunəvi dostluq münasibətlərini və ölkələr arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə etdik. Azərbaycan səfirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür etdim”, - M.Kavelaşvili yazıb.

Gürcüstan prezidentinin mətbuat xidmətindən bildirilib ki, görüşdə M.Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana planlaşdırılan ilk rəsmi səfərinin təfərrüatlarına da toxunulub.

Məlumta əsasən, tərəflər bölgədə sabitlik və sülh şəraitində inkişafın önəmini vurğulayıblar. M.Kavelaşvili bildirib ki, dünyada davam edən münaqişələr, tarif müharibələri, geosiyasi gərginliklər fonunda regionda sabitliyin və sülhün qorunması daha da mühüm xarakter alır.

Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığın daha dinamik olması üçün hazırlıqlarını ifadə ediblər.